Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fövqəladə hal baş verməyəcəyi təqdirdə noyabrın 8-də Zəfər Günü münasibətilə Azərbaycana səfər etmək niyyətində olduğunu bildirib.
“Hürriyet” qəzetinin məlumatına görə, Ərdoğan bu barədə jurnalistin Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri necə qiymətləndirdiyi və ikitərəfli əlaqələrdə böhran yaşandığına dair şərhlərə münasibəti ilə bağlı sualını cavablandırarkən danışıb.
“Mən həmişə deyirəm ki, Azərbaycanla münasibətlərimiz klassik diplomatik əlaqələrin çərçivəsindən çox kənara çıxır. İki ölkə arasındakı qırılmaz bağ ortaq tariximizin, mədəniyyətimizin, taleyimizin və Allahın izni ilə ortaq gələcəyimizin nəticəsidir. Türkiyə ilə Azərbaycan qardaşlığının dəf edə bilməyəcəyi heç bir maneə yoxdur”, – deyə Ərdoğan vurğulayıb.

