Azərbaycanda 2027-ci ilin dövlət büdcəsində bəzi ali təhsil müəssisələrinin xərclərinin qismən qarşılanması üçün 102 milyon 300 min manat subsidiya nəzərdə tutulub. Bu, cari illə müqayisədə 2 milyon 100 min manat və ya 2 faiz çoxdur.
Məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Dövlət İmtahan Mərkəzinin (DİM) ümumi təhsil pilləsi üzrə yekun qiymətləndirmə, eləcə də orta ixtisas təhsili müəssisələrinə və ali məktəblərin bakalavriat səviyyəsinə qəbul imtahanlarının keçirilməsi ilə bağlı xərclərinə 20 milyon 700 min manat ayrılması nəzərdə tutulub.
2025/2026-cı tədris ilində fəaliyyətə başlayan və mühəndislik, eləcə də tibb ixtisasları üzrə 300 tələbənin təhsil alacağı Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətinin təmin edilməsi üçün gələn il 6 milyon manat vəsait ayrılması proqnozlaşdırılır.
Eyni zamanda, Qarabağ Universitetində 9 istiqamət və 49 ixtisas üzrə 3500-dək tələbənin, o cümlədən tibb istiqamətində 250 nəfərin təhsil alması planlaşdırılır. Həmçinin 2024/2025-ci tədris ilindən etibarən 5000-dək tələbənin yataqxanalarda yerləşdirilməsi nəzərdə tutulur.
Qarabağ Universitetinin fəaliyyətinin təmin edilməsi üçün 2027-ci ildə 51 milyon manat ayrılması planlaşdırılır. Bu, cari illə müqayisədə 12 milyon manat və ya 30,8 faiz çoxdur.

