Britaniyalı tarixçi Edmund Richardsonun Makedoniyalı İsgəndər haqqında yazdığı kitab nüfuzlu Baillie Gifford Prize mükafatına layiq görüldü. Sənədli və elmi-kütləvi ədəbiyyat sahəsində təqdim olunan mükafatın qalibi noyabrın 4-də Londonda keçirilən mərasimdə elan edildi.
Richardsonun “İsgəndər: Tanrı, hökmdar, insan” (“Alexander: God, King, Man”) əsəri müsabiqəyə təqdim edilən 350-dən çox kitab arasında ən yaxşısı seçildi. Mükafatın məbləği 50 min funt sterlinq (67,5 min dollar) təşkil edir.

Münsiflər heyətinin sədri, britaniyalı jurnalist Kirsty Lang bildirdi ki, mükafatın tarixində ilk dəfə qədim dövr tarixinə həsr olunmuş kitab qalib gəldi.
Onun sözlərinə görə, əsər “roman kimi oxunur” və oxucuya özünü məşhur sərkərdənin Misirdən Mərkəzi Asiyayadək uzanan hərbi yürüşlərinin iştirakçısı kimi hiss etmək imkanı yaradır.

