BBC News-un araşdırmasına görə, əksəriyyəti Britaniya vətəndaşı olan 30-dək uşaq valideynlərinin seçmədiyi donor sperması və ya yumurtahüceyrəsi ilə dünyaya gəlmiş ola bilər.
Aşkarlanan halların yarısı Şimali Kiprdəki Dogus IVF Centre klinikası ilə bağlıdır. Valideynlər donorları tibbi tarixçə, xarici görünüş, xarakter, təhsil və maraqlarına əsasən seçiblər. Lakin uşaqlar doğulduqdan sonra şübhələr yaranıb.
30 uşaqdan 11-i DNT testindən keçirilib və onların genetik mənşəyinin Türkiyə və qonşu ölkələrlə əlaqəli olduğu müəyyənləşib.
Test edilən uşaqların əksəriyyəti 2012–2024-cü illərdə Dogus klinikasında dünyaya gəlib. Dünyanın ən böyük sperma bankı Cryos International isə klinikanı hələ 2016-cı ildə qara siyahıya salıb.
Britaniyalı ana Reyçel DNT testi nəticəsində 13 yaşlı oğlunun onun seçdiyi danimarkalı donorla genetik bağlılığının olmadığını öyrənib.
Şimali Kipr Avropa İttifaqı qanunvericiliyinə tabe deyil və yerli klinikaların fəaliyyəti daha zəif tənzimlənir. Britaniya Reproduktiv Tibb Cəmiyyəti hadisəni bir həkim və ya klinikanın çərçivəsindən kənara çıxan sistemli problem kimi qiymətləndirib.

