srailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla açıq qarşıdurmaya keçmək imkanını nəzərdən keçirir. Bu barədə “Al-Monitor” İsrail hökumət başçısının ətrafındakı mənbələrə istinadən yazıb.
Məlumata görə, fikir ayrılıqları əsasən Qəzza və Livandakı İsrail hərbi qüvvələrinin mövcudluğu ilə bağlıdır. Mənbələr Trampın İsrailin maraqlarını kifayət qədər nəzərə almayan tələblər irəli sürdüyünü, iki lider arasındakı şəxsi münasibətlərin də son aylarda xeyli pisləşdiyini bildiriblər.
“Netanyahu həddə çatıb. O, Qəzza və Livan məsələlərində ABŞ administrasiyası ilə birbaşa qarşıdurmaya girib-girməməyə çalışır. Bunun nəyə gətirib çıxaracağını bilir, lakin hazırkı vəziyyət də bundan yaxşı deyil”, – deyə mənbələrdən biri bildirib.
Mənbələrin fikrincə, Netanyahu Vaşinqton qarşısında İsrailin təhlükəsizlik maraqlarını daha sərt şəkildə müdafiə etməklə “Likud” partiyasının reytinqini yüksəldə bilər.
Qeyd olunur ki, Netanyahu Trampın kürəkəni Cared Kuşnerlə son görüşündə Qəzzadan qoşunların çıxarılmasının HƏMAS-ın silahsızlandırılmasından əvvəl mümkün olmadığını müdafiə edib.
Mənbələrdən birinin sözlərinə görə, Tramp ABŞ-da aralıq seçkilərinə qədər İsrail-HƏMAS münaqişəsinin dayandırılması ilə bağlı əldə olunan nəticəni qorumaqda, Netanyahu isə Knesset seçkilərinə qədər HƏMAS-ın silahsızlandırılmasını İsrail qoşunlarının çıxarılması üçün əsas şərt kimi saxlamaqda maraqlıdır.

