Xiyar pəhrizi ilə qısa müddətdə arıqlamaq mümkündürmü?
Sürətli arıqlamaq üçün xiyar əsaslı monopəhriz ən əlçatan üsullardan biri kimi təqdim olunur. İddialara görə, belə qidalanma ilə 3–5 gün ərzində 3–5 kiloqrama qədər çəki itirmək və bədəndəki şişkinliyi azaltmaq mümkündür.
Xiyarın tərkibinin təxminən 95 faizinin sudan ibarət olduğu, 100 qramında təxminən 15 kilokalori olduğu və həzmə kömək edən liflə zəngin olduğu bildirilir.

Xiyar pəhrizi üçün lazım olanlar:
- Təzə xiyar – gündə 1,5–2 kq;
- Göyərti – şüyüd, cəfəri, yaşıl soğan;
- Limon şirəsi və ya bitki yağı – salat üçün 1 çay qaşığı;
- Şəkərsiz yaşıl çay – gündə 1–2 litr;
- Adi su – gündə ən azı 1,5 litr.
Xiyar qabığı ilə birlikdə bütöv şəkildə yeyilə, salat hazırlana və ya ara yemək kimi istifadə oluna bilər. Gündə bir dəfə xiyara təzə göyərti əlavə etmək və yüngül sousla salat hazırlamaq mümkündür.

Lakin bu pəhriz ekstremal qidalanma üsullarından hesab olunur. Yalnız xiyarla bir neçə gün qidalanmaq orqanizmin ehtiyac duyduğu zülal, yağ, vitamin və digər qida maddələrinin kifayət qədər alınmamasına səbəb ola bilər. Çəkinin sürətlə azalmasının bir hissəsi də yağ itkisi deyil, su itkisi ola bilər.
Bu səbəbdən belə pəhrizə başlamazdan əvvəl həkimlə məsləhətləşmək vacibdir.

