İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bağayi Tehranın Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ərazisinə iki ballistik raket buraxması ilə bağlı ittihamlarını rədd edib.
FARS agentliyinin məlumatına görə, Bağayi BƏƏ-nin İranın ölkə ərazisinə raket buraxması ilə bağlı açıqlamasını tamamilə rədd edib.
“Xarici İşlər Nazirliyinin sözçüsü BƏƏ-nin İranın ölkə ərazisinə raket buraxması ilə bağlı bəyanatını tamamilə rədd edib, İran İslam Respublikasına qarşı irəli sürülən ittihamlardan təəssüfünü ifadə edib və bu davranışın yaxşı qonşuluq prinsipinə zidd olduğunu, region ölkələri arasında etimadın möhkəmləndirilməsi və regionda qeyri-sabitliyin daha da genişlənməsinin qarşısının alınması səylərini zəiflətdiyini bildirib”, – deyə agentlik yazıb.
Bağayi həmçinin “bütün regional tərəfləri İrana qarşı əsassız ittihamlardan çəkinməyə” çağırıb.
XİN sözçüsü bildirib ki, vəziyyət qiymətləndirilərkən ABŞ və İsrailin regionda sülh və təhlükəsizliyə qarşı yönəlmiş davam edən “bədxah əməlləri” də nəzərə alınmalıdır.

