Türkiyəli aktyor Ozan Güvən keçmiş sevgilisi Deniz Bulutsuzla 2020-ci ildə yaşadığı hadisədən sonra başlayan və illərlə davam edən məhkəmə prosesi barədə yenidən danışıb.
Güvən bildirib ki, 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə nəticələnən məhkəmə prosesi anasına da ciddi təsir edib. Aktyor anasının Alzheimer xəstəliyinin yaşanan bu ağır prosesdən təsirlənmiş ola biləcəyini irəli sürüb.
Ozan Güvənlə Deniz Bulutsuz arasında 13 iyun 2020-ci ildə baş verən hadisədən sonra tərəflər bir-birindən şikayətçi olublar. Bulutsuz Güvənin ona fiziki zorakılıq tətbiq etdiyini bildirib. Güvən isə ittihamları rədd edərək, özünün də xəsarət aldığını deyib.
İstanbul Respublika Baş Prokurorluğunun hazırladığı ittiham aktından sonra Güvən barəsində qəsdən xəsarət yetirmə, təhqir və şəxsi azadlıqdan məhrumetmə ittihamları ilə cinayət işi açılıb. Güvənin şikayəti əsasında Bulutsuz barəsində də qəsdən yüngül xəsarət yetirmə ilə bağlı işə baxılıb.
Təxminən 5 il davam edən məhkəmə prosesindən sonra İstanbul 58-ci Birinci İnstansiya Cinayət Məhkəməsi 2025-ci ilin iyununda qərarını açıqlayıb.
Məhkəmə Ozan Güvəni qəsdən xəsarət yetirmə cinayətinə görə 2 il 3 ay müddətinə azadlıqdan məhrum edib. Güvən təhqir və şəxsi azadlıqdan məhrumetmə ittihamları üzrə isə bəraət alıb. Deniz Bulutsuz da barəsində açılmış yüngül xəsarət yetirmə işi üzrə bəraət edib.
Məhkəmənin əsaslandırılmış qərarında Güvənin Bulutsuza vurduğu bildirilən abajur “silah” kimi qiymətləndirilib. Məhkəmə Güvənin müdafiəsini isə cinayətdən və cəzadan yayınmağa yönəlmiş izahat kimi dəyərləndirib.
Tərəflərin etirazlarından sonra iş apellyasiya instansiyasına göndərilib. İstanbul Regional Ədliyyə Məhkəməsinin 20-ci Cinayət Kollegiyası 2025-ci ilin oktyabrında birinci instansiya məhkəməsinin qərarını qanuna uyğun hesab edərək etirazları rədd edib. Beləliklə, Güvən barəsində çıxarılmış 2 il 3 aylıq həbs cəzası qüvvəyə minib.
Güvən bu dəfə A Para telekanalında yayımlanan “Biz Bize” proqramında məhkəmə prosesinin ailəsinə təsirindən danışıb.
Aktyor bildirib ki, anasına 2021-ci ildə Alzheimer diaqnozu qoyulub. Anasının onu çox yaxşı tanıdığını və yaşanan prosesi qəbul etməkdə çətinlik çəkdiyini deyən Güvən belə danışıb:
“Anam mənim haqsızlığa uğradığım hissini həzm edə bilmədi. Məhkəmənin nəticəsini dərk edə bilmədi və xəstəlik irəlilədi”.
Anasının xəstəliyinin irəlilədiyini bildirən Güvən yaşadığı proseslə anasının Alzheimer xəstəliyi arasında mümkün əlaqədən danışıb.
Aktyor deyib:
“Bəlkə də mənim yaşadıqlarımı unutmaq üçün Alzheimer oldu”.
Güvən insan beyninin olduqca mürəkkəb olduğunu və xəstəliyin səbəbi ilə bağlı dəqiq fikir söyləməyin mümkün olmadığını da vurğulayıb.



