İran Tehrandakı Fransa səfirliyinin iki əməkdaşını “arzuolunmaz şəxs” elan edib və onların İslam Respublikasına girişini qadağan edib. Bu barədə İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
“Tehrandakı Fransa səfirliyinin iki əməkdaşının beynəlxalq hüququ, xüsusilə də 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasını pozan hərəkətlərini nəzərə alaraq, İran Xarici İşlər Nazirliyi həmin iki əməkdaşın arzuolunmaz şəxs elan edildiyini bildirir və bununla əlaqədar onların İrana girişi qadağan ediləcək”, – deyə məlumatda qeyd olunub.
İran XİN-dən bildirilib ki, qərar “onların qanunsuz fəaliyyətlərinin ifşa edilməsindən bir neçə həftə keçməsinə baxmayaraq, Fransa hökumətinin vəziyyəti düzəltmək və bu cür insidentlərin təkrarlanmasının qarşısını almaq üçün heç bir tədbir görməməsindən” sonra qəbul edilib.
Qeyd edək ki, bundan əvvəl Fransanın xarici işlər naziri Jan-Noel Barro Tehranda Fransa diplomatik missiyasının iki əməkdaşının saxlanılmasına cavab olaraq Parisin yaxın vaxtlarda iki iranlı diplomatı ölkədən çıxaracağını açıqlamışdı.

