Türkiyədə Furkan Vəqfinə qarşı istintaq çərçivəsində Adana mərkəzli 6 vilayətdə 49 ünvana eyni vaxtda əməliyyat keçirilib.
Əməliyyat zamanı vəqfin qurucu rəhbəri Alparslan Kuytul, həyat yoldaşı Semra Kuytul və çox sayda vəqf üzvü saxlanılıb. Polis səhər saatlarında Kuytulun evində də axtarış aparıb.
Türkiyənin Ədliyyə naziri Akın Gürlek bildirib ki, cinayət təşkilatı yaratmaq və idarə etmək, dələduzluq, rəsmi sənədləri saxtalaşdırmaq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və vergi qanunvericiliyinin pozulması ilə bağlı 32 şübhəli barəsində hüquqi tədbir görülüb.

İstintaq çərçivəsində 5 şirkətə idarəçi qəyyum təyin edilib, təşkilatın fəaliyyəti ilə əlaqəli olduğu müəyyən edilən 349 sosial media hesabına girişin məhdudlaşdırılması barədə qərar qəbul olunub.
Gürlek xüsusilə vurğulayıb ki, araşdırma hər hansı dini qrupa və ya inanca qarşı deyil, konkret cinayət əməlləri, zərərçəkən və şahid ifadələri, təşkilati təzyiq iddiaları və maliyyə sübutları ilə bağlıdır.

Qeyd edək ki, Alparslan Kuytul son günlər sosial şəbəkədə paylaşdığı videoda dövlətin dini icmaların fəaliyyətinə müdaxiləsini tənqid etmişdi. Bundan sonra Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral Kuytulu sərt ifadələrlə hədəf almışdı.

