Braziliya Prezidenti Luis İnasio Lula da Silva 2026-cı il prezident seçkiləri üçün seçki kampaniyasına start verib. Bu barədə EFE agentliyi məlumat yayıb.
Lula da Silva San-Pauluda stadionda minlərlə tərəfdarı qarşısında çıxış edərək bildirib ki, seçkidə qalib gələcəyi təqdirdə dördüncü prezidentlik müddətində ölkənin qarşılaşdığı problemləri həll etməyə çalışacaq.
“Əgər səhiyyəyə, təhsilə və mənzil tikintisinə sərmayə qoymayacaqsınızsa, Braziliya xalqı üçün necə gələcək istəyirsiniz?” – Lula deyib.
O, xarici qüvvələri Braziliya seçkilərinə müdaxilə etməməyə çağırıb. Prezident həmçinin ölkənin nadir torpaq metalları üzərində öz nəzarətini saxlamasının və onların hasilatı ilə emalını özü həyata keçirməsinin vacibliyini vurğulayıb.
Lula qadın və kişilər arasında bərabərliyə nail olmağı və qadınlara qarşı zorakılıqla mübarizəni də prioritetlərdən biri kimi göstərib.
Onun əsas rəqibi – keçmiş prezident Jair Bolsonaronun oğlu, senator Flavio Bolsonaro da bazar günü seçki kampaniyasına başlayıb. O, Rio-de-Janeyroda Kopakabana çimərliyində çıxış edərək hazırkı prezidenti tənqid edib və dövlət şirkətlərinin zərərə uğramasında, həmçinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə yetərincə sərt mövqe nümayiş etdirməməkdə ittiham edib.
“Onlar ya vəziyyətə nəzarət etmirlər, ya da mütəşəkkil cinayət qrupları ilə razılaşmaları var”, – Bolsonaro bildirib.

Bloomberg-in iyul ayında dərc etdiyi sorğunun nəticələrinə görə, Lula da Silva populyarlıq baxımından Flavio Bolsonarodan öndədir.
Braziliyada prezident seçkilərinin 2026-cı ilin oktyabrında keçirilməsi planlaşdırılır.

