Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası (KƏŞ) İranın region ölkələrinə hücumları nəticəsində dəymiş zərəri ödəməyə məcbur edilməsi üçün BMT Təhlükəsizlik Şurasına çağırış edib.
Bu barədə təşkilatın baş katibi Casim Məhəmməd əl-Budeyvi bildirib.
Onun sözlərinə görə, fevralın 28-dən etibarən İran tərəfindən Körfəz ölkələrinə 7 mindən çox raket və pilotsuz uçuş aparatı (PUA) atılıb.
“Biz Təhlükəsizlik Şurasını və beynəlxalq ictimaiyyəti bu hücumlara görə məsuliyyət daşıyan şəxsləri cavabdehliyə cəlb etməyə və İranı vurduğu zərəri kompensasiya etməyə məcbur etməyə çağırırıq”, – deyə əl-Budeyvi bildirib.
Baş katib vurğulayıb ki, Körfəz ölkələri gələcəkdə əldə olunacaq istənilən razılaşmada öz maraqlarının nəzərə alınmasını tələb edirlər.
Söhbət İranın nüvə proqramı, ballistik raketləri, pilotsuz uçuş aparatları və regional silahlı qruplaşmalara dəstəyi ilə bağlı məsələlərdən gedir.
Əl-Budeyvinin sözlərinə görə, Körfəz ölkələri öz təhlükəsizliklərinin müzakirə olunduğu danışıqlardan kənarda qalmaq niyyətində deyillər.

