Bir müddətdir İtaliyada yaşayan türkiyəli aktyor Can Yaman bu dəfə Madriddə keçirilən qala gecəsindəki görünüşü ilə diqqət mərkəzinə düşüb. Qara dəri geyimi və xeyli qaralmış dərisi ilə kameralar qarşısına keçən aktyorun son görüntüləri sosial şəbəkələrdə geniş müzakirə olunub.
Can Yaman baş rolunu canlandırdığı İspaniya istehsalı olan “El laberinto de las mariposas” serialının təqdimatı üçün Madridə gedib. Noyabrın 12-də “Cines Callao” kinoteatrında keçirilən qala gecəsində aktyoru ekran işindəki həmkarları Andrea Duro, Maria de Nati və Feliks Qomes də müşayiət ediblər.
Qara dəri gödəkçə, qara şalvar və müxtəlif aksessuarlarla tədbirə qatılan Yaman jurnalistlərin kameraları qarşısında pozalar verib.

Aktyorun xüsusilə nəzərəçarpacaq dərəcədə qaralmış dərisi sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib. Bəziləri onun əvvəlki fotoları ilə müqayisə apararaq “Can Yaman lap qaralıb” kimi şərhlər yazıblar.
Can Yamanın baş rol aldığı “El laberinto de las mariposas” səkkiz bölümdən ibarət romantik triller janrında çəkilib. Aktyor serialda xəyanətə uğradıqdan sonra İspaniyanın ən çox axtarılan şəxslərindən birinə çevrilən gizli agent Kaplan obrazını canlandırır.
Noyabrın 13-də AMC+ platformasında yayımlanmağa başlayan ekran işi Can Yamanın İspaniyada çəkilən və ispan dilində rol aldığı ilk serialdır.

