Rusiyada atasının qətlində ittiham olunan Mariya Xaçaturyanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün qanunla müəyyən edilmiş müddət başa çatıb.
Bu barədə onun vəkili Yaroslav Pakulin “RIA Novosti”yə açıqlamasında bildirib.
Vəkil xatırladıb ki, hadisə baş verən zaman Mariya yetkinlik yaşına çatmayıb.
“Buna baxmayaraq, istintaq əvvəllər tətbiq edilmiş məhdudiyyətləri aradan qaldırmaqdan imtina edir”, – deyə Pakulin qeyd edib.
Hadisə 2018-ci ilin iyulunda baş verib. Mixail Xaçaturyan yuxuda olarkən ona bıçaq və çəkiclə zərbələr endirilib. Kişi həlak olduqdan sonra qızları özləri polisə və təcili tibbi yardıma zəng ediblər.
Həmin vaxt bacılardan Kristinanın 19, Angelinanın 18, Mariyanın isə 17 yaşı olub.
Xaçaturyan bacıları atalarının ölümündən dərhal sonra saxlanılıblar. Onlara qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb.
Daha sonra Mariya Xaçaturyanın cinayət törədilən zaman anlaqsız vəziyyətdə olduğu müəyyən edilib və onun işi ayrıca icraata ayrılıb.
Bacılarla bağlı cinayət işi üzrə istintaq davam edir.
2025-ci ilin noyabrında Moskva Şəhər Məhkəməsi Mixail Xaçaturyanın öz qızlarına qarşı cinayətlər törətdiyini tanıyıb.

