Macarıstanda keçmiş milli inkişaf naziri Mikloş Şestakla bağlı korrupsiya işi üzrə aparılan araşdırmalar zamanı meşədə torpağa basdırılmış milyardlarla forint nağd pul aşkarlanıb.
Yerli medianın məlumatına görə, bu barədə Macarıstanın Baş naziri Peter Magyar Milli Aktivlərin Geri Qaytarılması və Mühafizəsi İdarəsinin (NVVH) məlumatına istinadən açıqlama verib.
Noyabrın 12-13-də keçirilən axtarışlar zamanı meşəlik ərazilərdə torpağa basdırılmış, kənd təsərrüfatı tikililərində, anbarlarda və yaşayış evlərində gizlədilmiş külli miqdarda pul tapılıb. Vəsaitin bir hissəsi isə gizli seyfdə saxlanılıb.
İki gün ərzində hüquq-mühafizə orqanları 5,07 milyard forint (15 milyon dollardan çox), 2,65 milyon avro və 1,25 milyon dollar nağd pul aşkarlayaraq götürüblər.

Aşkar edilən bütün vəsait artıq dövlət xəzinəsinə köçürülüb.
Mikloş Şestak 2014–2018-ci illərdə Macarıstanın milli inkişaf naziri vəzifəsində çalışıb. Hazırda o, dövlət müqavilələrinin bölüşdürülməsi zamanı korrupsiya əməllərinə yol verməkdə ittiham olunur.
İstintaqın versiyasına görə, keçmiş nazir və iş üzrə digər şəxslər sahibkarlardan sərfəli dövlət sifarişlərinin verilməsi müqabilində rüşvət alıblar.

