Evdə istifadə olunan üz masaj cihazları, LED maskalar və digər kosmetoloji vasitələr dəriyə ciddi zərər verə bilər.
Bu barədə “Gazeta.Ru”ya açıqlamasında “Jolly Clinic”in dermatoloq-kosmetoloqu Tatyana Yasnaya bildirib.
Mütəxəssisin sözlərinə görə, əsas təhlükə cihazların özündə deyil, insanların dəri xüsusiyyətlərini bilmədən onlardan istifadə etməsindədir. Xüsusilə rozasea və kuperoz kimi dəri problemləri olan şəxslərdə ev prosedurları vəziyyəti ağırlaşdıra bilər.
Kosmetoloq qeyd edib ki, evdə istifadə üçün nəzərdə tutulan cihazların təsir gücü peşəkar tibbi avadanlıqlarla müqayisədə daha zəifdir. Bu səbəbdən onların təsiri əsasən qan dövranının yaxşılaşması və üzdəki şişkinliyin müvəqqəti azalması ilə məhdudlaşır.

“Pasiyentlər masajdan sonra üzlərinin daha təravətli göründüyünü deyirlər və bu, doğrudur. Lakin həmin effekt mayenin xaric olması ilə bağlıdır və axşama doğru itir. Kollagenin yaranması isə daha dərin və nəzarətli təsir tələb edir”, – deyə Yasnaya bildirib.
Həkimin sözlərinə görə, dərinin sallanması və qırışlarla mübarizədə ultrasəs SMAS-liftinq, mikroiynəli RF və digər peşəkar prosedurlardan istifadə oluna bilər. Lakin uyğun üsul dərinin vəziyyətinə əsasən seçilməlidir.
Mütəxəssis xəbərdarlıq edib ki, əks göstərişlər nəzərə alınmadan aparılan kosmetoloji prosedurlar dəri yanıqlarına və piqmentasiya problemlərinə səbəb ola bilər.

