Fransanın paytaxtı Parisdə minlərlə şagird, tələbə və müəllim təhsil sistemində aparılan islahatlara və maliyyələşmənin yetərsizliyinə etiraz olaraq küçələrə çıxıb.
Denmedia.az xəbər verir ki, noyabrın 10-da keçirilən aksiyanın iştirakçıları ali təhsil müəssisələrinə qəbul üçün istifadə olunan “Parcoursup” sistemi ilə bağlı islahata qarşı çıxıblar.
Etiraz yürüşü Panteon meydanından başlayıb. İştirakçıların yürüşü İtaliya meydanında başa çatdırması nəzərdə tutulub.
Yağışlı havaya baxmayaraq, aksiyaya bir neçə min nəfər qatılıb. Nümayişçilər arasında şagirdlər, tələbələr, müəllimlər və həmkarlar ittifaqlarının nümayəndələri olub. Onların bir çoxu küçələrə çətir və etiraz plakatları ilə çıxıb.
Aksiya şagird və tələbələrin həmkarlar ittifaqları birliklərinin təşəbbüsü ilə təşkil olunub.
Parisdə təhlükəsizlik tədbirləri gücləndirilib. Yürüşün keçirildiyi ərazilərə əlavə polis qüvvələri və onlarla xidməti avtomobil cəlb edilib.
Fransa xüsusi xidmət orqanları aksiyada 2 mindən 4 minədək insanın iştirak edəcəyini proqnozlaşdırıblar.

