Dövlət İmtahan Mərkəzi 2026/2027-ci tədris ili üzrə ali məktəblərin magistratura səviyyəsinə qəbul müsabiqəsinin nəticələrini elan edib.
DİM-dən verilən məlumata görə, bakalavrlar nəticələrini ixtisaslaşma seçimi səhifəsində göstərilən yeddi rəqəmli kodu 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qəbul olunanların siyahısı sabah günün ikinci yarısında “Magistr” jurnalının 5-ci nömrəsində dərc ediləcək.
Müsabiqədə ixtisaslaşma seçiminə qatılan 15 721 bakalavrdan 13 845-i magistraturaya qəbul olunub. Onlardan:
6 580 nəfər dövlət sifarişi,
52 nəfər dövlət hesabına,
7 213 nəfər isə ödənişli əsaslarla təhsil alacaq.
Qəbul olunanların 10 510-u bu ilin, 3 335-i isə əvvəlki illərin məzunlarıdır.
Magistraturaya qəbul olunanların elektron qeydiyyatı 3 avqust saat 15:00-dan 12 avqust saat 18:00-dək my.gov.az platformasında aparılacaq.
DİM xəbərdarlıq edib ki, bu müddətdə qeydiyyatdan keçməyən şəxslər təhsildən imtina etmiş hesab olunacaq və qəbul siyahısından çıxarılacaqlar.
Boş qalan yerlərə əlavə yerləşdirmənin tarixləri isə sonradan açıqlanacaq.

