Gürcüstan Avropa İttifaqı institutlarından rəsmi və açıq şəkildə üzr tələb edir.
Denmedia.az xəbər verir ki, bunu “Birinci Gürcüstan Televiziyası”na müsahibəsində parlamentin spikeri Şalva Papuvaşvili bildirib. O, bu vəziyyəti ölkəyə qarşı hibrid müharibənin elementlərindən biri kimi qiymətləndirib.
Tbilisinin sərt reaksiyasına səbəb — 2024-cü ilin sonunda etirazların dağıdılması zamanı guya kimyəvi maddələrdən istifadə edilməsi barədə səsləndirilmiş iddialardır. Papuvaşvilinin sözlərinə görə, bu ittihamlar artıq tam şəkildə təkzib olunub. O, tənqidini həm Avropa Komissiyasının mətbuat katibinə, həm də bir sıra avropalı deputatlara ünvanlayıb.
«Məni indi maraqlandıran budur: Avropa Komissiyasının mətbuat katibi, avropalı deputatlar və pul müqabilində çalışan QHT-lər — ölkəmizə şeytan kimi hücum edənlər — üzr istəyəcəklərmi? Brüssel və onun maliyyələşdirdiyi QHT-lər üzr istəməlidir», — deyə Papuvaşvili vurğulayıb.

