Sumqayıt şəhərində 3 Dekabr – Beynəlxalq Əlillər Gününə həsr olunan genişmiqyaslı tədbir keçirilib.
DenMedia.az xəbər verir ki, tədbir Abşeron–Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Xüsusi ümumtəhsil məktəbinin təşkilatçılığı ilə baş tutub.
İştirakçılar əvvəlcə Heydər Əliyev Mərkəzində məktəbli uşaqların əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar. Daha sonra “Sevgi Körpüsü” adlı tədbir davam etdirilib. Məktəbin direktoru Arzu Alızadənin çıxışı ilə açılan mərasimdə əlilliyi olan uşaqların hüquqlarının qorunması, sosial inteqrasiyası və onların istedadının cəmiyyətə təqdim olunmasının önəmi vurğulanıb.
Tədbir musiqili proqramla davam edib. Sumqayıt Musiqi Məktəbinin istedadlı şagirdləri, eləcə də məktəbin öz şagirdləri “Azərbaycan mahnısı”, “Ölkəm”, “Polad Eller”, “Şirindil”, “Uzundərə” kimi musiqi nömrələri ilə maraqlı çıxışlar ediblər.
Aparıcı çıxışlarda ölkəmizdə əlilliyi olan şəxslərə dövlət tərəfindən göstərilən qayğı, o cümlədən Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti barədə məlumat verilib. Məzun şagird Coşqun Əliyevin Yaponiyada keçirilən 25-ci Yay Deflimpiya Oyunlarında qazandığı gümüş medal xüsusi qürur mənbəyi kimi qeyd olunub.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova, FHN-nin Sumqayıt Regional Mərkəzinin rəisi Vaqif Fətullayev, Sumqayıt şəhər Təhsil Sektorunun müdiri İman Ağayev və Sumqayıt Bələdiyyəsinin sədr müavini Nərmin Mehtiyeva, Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşı Mehriban Nəcəfova, Xüsusi ümumtəhsil məktəbinin keçmiş direktoru, əməkdar müəllim Ayət Kərimova çıxış edərək uşaqları təbrik edib, onların inkişafı üçün görülən işlərin önəmini vurğulayıblar.
Sonda Sumqayıt Bələdiyyəsi tərəfindən uşaqlara hədiyyələr təqdim olunub.
Tədbirin ərsəyə gəlməsinə göstərdiyi dəstəyə görə məktəbin rəhbərliyi Arzu Alızadəyə, müəllim heyətinə, Sumqayıt Musiqi Məktəbinin müəllimi Nuranə Ələkbərovaya və bütün təşkilatçılara xüsusi təşəkkür edilib.
Tədbirin əsas mesajı isə bu olub:
– Sevgi varsa, yol da var.
– Qayğı varsa, ümid də var.
– Birlik varsa, hər bir uşağın gələcəyi işıqlıdır.
Nizami Rəsulov
Denmedia.az

