ABŞ-nin İranın dondurulmuş aktivlərindən Fars körfəzində gəmilərə dəyə biləcək mümkün zərərin ödənilməsi üçün istifadə planı təhlükəli presedent yaradır. Bu barədə İranın xarici işlər naziri Abbas Araqçi “X” sosial şəbəkəsində yazıb.
Onun fikrincə, digər dövlətlər də eyni addımı atmağa başlayarsa, bu, xaosa səbəb ola bilər.
“Başqa bir dövlətin aktivlərinin onunla əlaqəsi olmayan gələcək iddiaların ödənilməsi üçün müsadirə edilməsi ciddi münaqişəyə yol aça biləcək təhlükəli presedent yaradır”, – iranlı diplomat bildirib.
Əraqçi bu cür praktikalara göz yuman tərəfləri də tənqid edib. O xəbərdarlıq edib ki, başqa dövlətlərin vəsaitlərinin müsadirəsi normaya çevrilərsə, heç bir ölkənin aktivləri təhlükəsiz olmayacaq.
İranın dondurulmuş aktivlərindən istifadə ideyasını daha əvvəl ABŞ Prezidenti Donald Tramp səsləndirib. Onun sözlərinə görə, həmin vəsaitlər Yaxın Şərqdə ticarət gəmilərinə və ya yüklərə dəyə biləcək itkilərin ödənilməsinə yönəldiləcək.
Tramp bildirib ki, bu qayda artıq qüvvəyə minib və xüsusi göstəriş verilənədək tətbiq olunacaq. ABŞ Prezidenti kompensasiyaların məbləğinin əhəmiyyətli ola biləcəyini də istisna etməyib.

