Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadə ona göstərilən etimada görə Prezident İlham Əliyevə təşəkkür edib.
Denmedia.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Bu təyinat mənim üçün böyük şərəfdir. Gənclərimiz qarşısında daşıdığım məsuliyyəti hər zaman dərindən dərk etmişəm”, – deyə Məleykə Abbaszadə bildirib.
O, uzun illər rəhbərlik etdiyi Dövlət İmtahan Mərkəzinin (DİM) kollektivi ilə vidalaşdığını da qeyd edib.
Yeni vəzifəsində fəaliyyətə böyük vədlərlə başlamaq niyyətində olmadığını vurğulayan rektor ilk növbədə universitetdəki mövcud vəziyyəti öyrənməyi, kollektivlə açıq dialoq qurmağı və tələbələrin fikirlərini dinləməyi əsas prioritetləri kimi göstərib.
“Universitetin bütün dəyərli nailiyyətləri qorunmalı və inkişaf etdirilməlidir. Eyni zamanda, müasir universitet yeni çağırışlara cavab verməli, elmi potensialını gücləndirməli, akademik dürüstlüyü və tənqidi düşüncəni təşviq etməlidir”, – deyə o vurğulayıb.
Məleykə Abbaszadə tələbələrin öz fikirlərini sərbəst ifadə edə biləcəklərinə və gələcəkləri ilə bağlı qərarları müstəqil qəbul edəcəklərinə ümidvar olduğunu da bildirib.

