İsmayıllı rayonunda antisanitar şəraitdə qanunsuz heyvan kəsimi aparılan ünvanda mənşəyi məlum olmayan, kəskin qoxulu 300 kiloqrama yaxın at əti aşkarlanıb.
Denmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, agentliyin müfəttişləri polis əməkdaşları ilə birgə qanunsuz heyvan kəsimi və ət satışının qarşısının alınması məqsədilə nəzarət tədbirləri keçiriblər.
Yoxlamalar zamanı Kamil Rüstəm oğlu Həmzəyevin yaşadığı ünvanda baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarının pozulduğu, antisanitar şəraitdə qanunsuz heyvan kəsimi təşkil edildiyi müəyyən olunub.
Baxış zamanı baytarlıq ekspertizasından keçirilməmiş, mənşəyi məlum olmayan və kəskin qoxuya malik 300 kiloqrama yaxın at əti aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. İstehlaka yararsız hesab edilən ətdən nümunələr götürülərək laborator müayinəyə göndərilib.
Araşdırmalar davam etdirilir.

