Mətbəxdə yol verilən bəzi adi səhvlər nadir, lakin həyati təhlükə yaradan botulizm xəstəliyinə səbəb ola bilər.
Denmedia.az “The Washington Post” nəşrinə istinadən xəbər verir ki, bu barədə qida təhlükəsizliyi üzrə mütəxəssis Don Şaffner xəbərdarlıq edib.
Ekspertin sözlərinə görə, ən çox diqqətdən yayınan təhlükələrdən biri vakuum qablaşdırmada olan balığın paketi açılmadan soyuducuda əridilməsidir.
“Vakuum qablaşdırılmış balıq botulizmin yaranması üçün ideal şərait yaradır”, – deyə Şaffner bildirib.

O, riskin qarşısını almaq üçün dondurulmuş balığın əridilməzdən əvvəl vakuum paketindən çıxarılmasını və oksigenlə təmasının təmin edilməsini tövsiyə edib.
Mütəxəssis qeyd edib ki, alüminium folqaya bükülərək bişirilən və uzun müddət otaq temperaturunda saxlanılan kartof da təhlükə yarada bilər. Eyni risk hazırlanma qaydalarına düzgün əməl edilməyən ev konservlərinə də aiddir.
Şaffner dərin əzikləri, şişkinliyi və sızma izləri olan konserv qutularındakı məhsulları istehlak etməməyi məsləhət görüb.
Ekspertin diqqət çəkdiyi digər ciddi səhv isə bir yaşına çatmamış uşaqlara bal verilməsidir. Onun sözlərinə görə, balın tərkibində botulizmə səbəb olan “Clostridium botulinum” bakteriyasının sporları ola bilər.
Bu sporlar adətən böyüklər üçün təhlükə yaratmasa da, bağırsaq mikroflorası hələ tam formalaşmamış körpələrdə botulizm xəstəliyinin inkişafına səbəb ola bilər.

