Nigeriyada motosiklet qəzasından sonra öldüyü güman edilərək morqa aparılan kişinin bir neçə saat sonra özünə gəldiyi iddia olunur. Hadisənin ən təəccüblü məqamı isə onun morqdan çıxan kimi siqaret və alışqan istəməsi olub.
Denmedia.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, hadisə noyabrın 13-də Nigeriyanın Delta ştatının Evreni bölgəsində baş verib.
Məlumata görə, motosiklet qəzasına düşən və şəxsiyyəti hələlik müəyyənləşdirilməyən kişi öldüyü düşünülərək morqa aparılıb. Lakin bir neçə saat sonra onun özünə gələrək ayağa qalxdığı bildirilir.


Sosial şəbəkələrdə yayılan görüntülərdə kişinin üzünün və bədəninin meyitlərin hazırlanmasında istifadə edilən ağ tozla örtüldüyü, ətrafına toplaşan insanların isə heyrət içində olduğu görünür.
Hadisənin ən maraqlı detalı kişinin özünə gəldikdən sonra ilk istəyinin siqaret və alışqan olmasıdır. Görüntülərdə ətrafdakılardan birinin ona mütləq tibbi müayinədən keçməli olduğunu söylədiyi də eşidilir.
Kişinin sağ qalması yerli sakinlər arasında böyük sevincə səbəb olub. Hadisəni qeyd edən insanlar üzlərinə və bədənlərinə ağ toz sürtüb, ətrafdakılara Nigeriyada məşhur olan “puff-puff” adlı qızardılmış xəmir şirniyyatı paylayıblar.

