ABŞ-nin İranın bioloji və kimyəvi silah hazırladığına dair iddiaları hərbi müdaxiləyə bəhanə yaratmaq məqsədi daşıyır.
Denmedia.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi sosial şəbəkə hesabında bildirib.
Onun sözlərinə görə, ABŞ rəsmiləri uzun müddət “İranın nüvə təhlükəsi” mövzusunu gündəmdə saxladıqdan sonra indi Tehranın bioloji və kimyəvi silah hazırladığına dair iddialar irəli sürməyə başlayıblar.
“İranın nüvə təhlükəsi ilə bağlı genişmiqyaslı təbliğatdan sonra ABŞ rəsmiləri indi İranın bioloji və ya kimyəvi silah hazırladığına dair əlamətlərin olduğunu iddia edirlər. Məgər amerikalı rəsmilər həqiqətən düşünürlər ki, dünya Kolin Pauellin 2003-cü ildə BMT Təhlükəsizlik Şurasındakı bədnam çıxışını unudacaq? O zaman Pauell kiçik bir sınaq şüşəsini nümayiş etdirərək bunu İraqın kütləvi qırğın silahlarından qaynaqlandığı iddia edilən təhlükənin əyani sübutu kimi təqdim etmişdi”, – deyə Bəqayi yazıb.
İran XİN-in sözçüsü xatırladıb ki, həmin hadisə müasir tarixdə kəşfiyyat məlumatları ilə bağlı ən ciddi uğursuzluqlardan və siyasi aldatmalardan birinin simvoluna çevrilib.
Bəqayinin fikrincə, İrana qarşı irəli sürülən yeni ittihamlar da 2003-cü ildə İraqa hərbi müdaxilə ərəfəsində istifadə edilən eyni “saxta ssenari” əsasında qurulur.

