Dahi rəssam Vinsent van Qoqun ölümündən cəmi iki ay əvvəl çəkdiyi “Çiçəkləyən şabalıd ağacları” (Châtaigniers en fleurs) tablosu Nyu-Yorkda keçirilən hərracda 190,4 milyon dollara satılaraq rəssamın rekordunu yeniləyib.
Denmedia.az BBC-yə istinadən xəbər verir ki, “Sotheby's” hərrac evində satışa çıxarılan əsərin ilkin dəyəri 180 milyon dollar qiymətləndirilib. Van Qoqun əvvəlki hərrac rekordu 2022-ci ildə 117,2 milyon dollar olub. Yeni rekord müəyyənləşdirən tablonun alıcısının kimliyi hələlik məlum deyil.
Lakin əsərin satışı son anda həll olunan tarixi mübahisə ilə də diqqət çəkib. Hərraca bir neçə saat qalmış tablonun hazırkı sahibi olan Blakye-Arrieta ailəsi ilə onun əvvəlki sahibləri, alman Fişer ailəsinin varisləri arasında razılıq əldə edilib.
Fişer ailəsinin varisləri tablonun 1936-cı ildə nasist rejiminin yaratdığı iqtisadi təzyiqlər nəticəsində satıldığını iddia ediblər. Onların sözlərinə görə, ailəyə məxsus nəşriyyatın üzləşdiyi maliyyə itkiləri əsərin əldən çıxarılmasına səbəb olub.
“Sotheby's” bildirib ki, tablonun nasist dövrü ilə bağlı mürəkkəb keçmişi və Fişer ailəsinin Holokost zamanı yaşadığı iztirablar nəzərə alınaraq tərəflər qarşılıqlı şəkildə qənaətbəxş razılığa gəliblər.
Əsəri 1909-cu ildə məşhur alman naşiri Samuel Fişer satın alıb. Onun 1934-cü ildə ölümündən sonra tablo ailəsində qalıb. Daha sonra əsər 1936-cı ildə Parisdə Henrietta və Marsel Kapfererə keçib.
1975-ci ildə tablo Blakye ailəsi tərəfindən alınaraq yarım əsrdən artıq şəxsi kolleksiyada saxlanılıb.
1890-cı ildə yaradılan yağlı boya əsəri “Sotheby's” həmin dövrə aid, hələ də şəxsi kolleksiyalarda qorunan ən mühüm sənət nümunələrindən biri hesab edir.

