445 min manat mənimsəməkdə və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda təqsirləndirilən şirkətin sabiq direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib.
Denmedia.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Zinyət Səfərova noyabrın 19-da Bakıya gətirilib.
İstintaqın məlumatına əsasən, Z.Səfərova 2019-cu ildə “RX.SƏRDAROĞULLARI HOLDİNQ” MMC-nin direktoru vəzifəsində çalışarkən, eyni zamanda faktiki olaraq baş mühasibin səlahiyyətlərini yerinə yetirib. Onun bu müddətdə etibar edilmiş ümumilikdə 445 min manat məbləğində pul vəsaitini mənimsədiyi ehtimal olunur.
İstintaq həmçinin təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi vəsaitləri maliyyə əməliyyatları aparmaq və əqdlər bağlamaqla leqallaşdırdığını hesab edir.
Zinyət Səfərovaya Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham irəli sürülüb.
Beynəlxalq axtarış zamanı onun Türkiyə ərazisində olduğu müəyyənləşdirilib və saxlanılıb. Azərbaycan tərəfinin müraciəti və aparılan müvafiq danışıqlar nəticəsində Türkiyə onun ekstradisiyasına razılıq verib.
Z.Səfərova Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin əməkdaşları tərəfindən Azərbaycana gətirilib. Məhkəmənin həbs qətimkan tədbiri barədə qərarına əsasən, o, istintaq təcridxanasına yerləşdirilib.

