Niderlandda pedikür prosedurundan sonra üçüncü dərəcəli yanıq xəsarətləri alan kişinin sağ ayağı dizdən aşağı, sol ayağının isə ön hissəsi amputasiya edilib.
Denmedia.az xəbər verir ki, bu barədə Niderlandın Rijnmond telekanalı məlumat yayıb.
Haaqa sakini olan kişi ayaq dırnaqlarındakı göbələk infeksiyasından qurtulmaq üçün pedikür ustasına müraciət edib. Prosedur zamanı onun ayaqları müxtəlif əlavələr qatılmış isti su vannasına salınıb.
Lakin bir neçə saat sonra kişinin ayaqlarının dərisi soyulmağa başlayıb. Vəziyyəti ağırlaşan şəxs təcili olaraq xəstəxanaya, daha sonra isə yanıq mərkəzinə yerləşdirilib. Müayinələr zamanı onun üçüncü dərəcəli yanıq xəsarətləri aldığı müəyyən edilib.
İki ay davam edən müalicəyə baxmayaraq, həkimlər kişinin sağ ayağını dizdən aşağı, sol ayağının isə ön hissəsini amputasiya etmək məcburiyyətində qalıblar.
Ekspertiza zamanı məlum olub ki, zərərçəkən şəkərli diabet və neyropatiyadan əziyyət çəkir. Bu xəstəliklər sinir uclarının həssaslığını azaltdığından insan suyun həddindən artıq isti olduğunu və ağrı hissini vaxtında duymaya bilər.
Hadisədən sonra kişi pedikür ustasına qarşı 67 min avro məbləğində təzminat tələbi ilə məhkəməyə müraciət edib. O, yekun qərara qədər 50 min avronun avans şəklində ödənilməsini istəsə də, məhkəmə bütün hallar aydınlaşdırılmadığı üçün bu tələbi təmin etməyib.
Pedikür ustası müştərinin prosedurdan əvvəl xəstəliklərini gizlətdiyini iddia edir. Zərərçəkən isə bu ittihamı rədd edir.
Tərəflərin məsuliyyəti ilə bağlı mübahisəyə məhkəmədə baxılması davam edir.

