Bu gün Ağdamın işğaldan azad edilməsindən 6 il ötür. 2020-ci il noyabrın 20-də rayonun 27 illik işğalına son qoyulub.
Denmedia.az xəbər verir ki, Ağdam 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbədən sonra imzalanmış üçtərəfli Bəyanata əsasən ölkəmizə qaytarılıb.
2020-ci il sentyabrın 27-də başlayan əks-hücum əməliyyatları nəticəsində Azərbaycan Ordusu 300-dən çox yaşayış məntəqəsini, eləcə də Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib.
Noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin gedişində həlledici dönüş yaradıb. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanat imzalanıb.
Sənədin ikinci bəndinə əsasən, Ağdam şəhəri və rayonun işğal altında olan hissəsi noyabrın 20-də Azərbaycana qaytarılıb. Bununla da Ağdamın 27 illik işğalına son qoyulub.
Bəyanatın altıncı bəndinə uyğun olaraq, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu Azərbaycana qaytarılıb. Ağdam, Kəlbəcər və Laçının geri qaytarılması əlavə hərbi itkilər olmadan həyata keçirilib.
Ağdamın azad edilməsi münasibətilə Prezident İlham Əliyev 2020-ci il noyabrın 20-də xalqa müraciət edib. Dövlət başçısı rayonun ərazisinin 73 faizinin 27 il ərzində işğal altında qaldığını bildirib.
Prezident vurğulayıb ki, Ağdamın geri qaytarılması Azərbaycan Ordusunun döyüş meydanında qazandığı Qələbə sayəsində mümkün olub. Onun sözlərinə görə, Ermənistan hərbi məğlubiyyətə uğramasaydı, işğal etdiyi ərazilərdən könüllü şəkildə çıxmayacaqdı.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, hər il noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd olunur.
Ağdamın azad edilməsi şərəfinə “Ağdamın azad olunmasına görə” medalı da təsis edilib. Rayonun azadlığı uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular bu medalla təltif olunublar.
Xatırladaq ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal illərində şəhər və rayonun yaşayış məntəqələri genişmiqyaslı dağıntılara məruz qalıb, tarixi, mədəni və dini abidələr, eləcə də qəbiristanlıqlar dağıdılıb.
2001-ci ildə işğal altındakı Ağdama səfər edən amerikalı jurnalist və yazıçı Tomas de Vaal şəhərdə gördüyü dağıntıları 1945-ci ildə atom bombardmanına məruz qalmış Yaponiyanın Xirosima şəhəri ilə müqayisə edib. Ağdam sonralar “Qafqazın Xirosiması” kimi tanınıb.

