Onkoloq Markos Trindade kişiləri prostat vəzi xərçənginin erkən aşkarlanması üçün müayinələrdən keçməyə çağırıb və ilk yoxlamaya hansı yaşda başlanmalı olduğunu bildirib.
Denmedia.az “Metropoles” nəşrinə istinadən xəbər verir ki, mütəxəssisin sözlərinə görə, risk faktorları olmayan kişilər 50 yaşından etibarən müntəzəm müayinələrə başlamalıdırlar.
Həkim qeyd edib ki, artıq çəki, qeyri-sağlam qidalanma, siqaret çəkmək, oturaq həyat tərzi və spirtli içki qəbulu xəstəliyin yaranma riskini artıra bilər.
Ailəsində prostat vəzi xərçəngi aşkarlanmış və ya genetik meyilliliyi olan kişilərə isə müayinələrə 45 yaşından başlamaq tövsiyə olunur.
Trindadenin sözlərinə görə, xəstəliyin erkən aşkarlanması üçün adətən qanda prostata spesifik antigenin (PSA) səviyyəsini müəyyən edən analizdən və barmaqla rektal müayinədən istifadə edilir.
Mütəxəssis müayinələri gecikdirməməyin vacibliyini vurğulayıb. Çünki prostat vəzi xərçəngi ilkin mərhələlərdə çox vaxt heç bir əlamət vermədən inkişaf edir.

