Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin NATO-ya üzv olmaq niyyətində olmadığını və bu məsələnin hökumətin gündəmində dayanmadığını bildirib.
Denmedia.az xəbər verir ki, Paşinyan bu barədə Ermənistan parlamentində keçirilən hökumət saatında danışıb.
Deputatlardan birinin Ermənistanın Avropa Siyasi Birliyinin IX sammitində qəbul olunan Avropa təhlükəsizliyinin əsas prinsiplərinə dair bəyannaməyə niyə qoşulmadığı ilə bağlı sualını cavablandıran baş nazir qərarın səbəbini izah edib.
“Biz bəyannaməyə yalnız bir səbəbdən qoşulmadıq və bunu tərəfdaşlarımıza açıq şəkildə bildirdim. Sənəddə NATO-ya çoxsaylı istinadlar var idi. Mən dedim ki, Avropa İttifaqına üzvlük prosesinə başlamışıq, lakin siyasətimizdə NATO-ya daxil olmaq barədə qərar yoxdur və qarşımıza belə bir məqsəd də qoymamışıq”, – deyə Paşinyan bildirib.
Baş nazir Ermənistanın Avropa İttifaqına inteqrasiya xəttini davam etdirdiyini, lakin hərbi-siyasi alyansa qoşulmaq siyasəti yürütmədiyini vurğulayıb.
“Avropa İttifaqına – bəli. Amma biz hərbi-siyasi alyans məntiqinə əsaslanan siyasət yürütmürük”, – deyə o qeyd edib.
Paşinyanın sözlərinə görə, tərəfdaş ölkələr Ermənistanın bu mövqeyini anlayışla qarşılayıblar.

