Beynəlxalq orqan alveri şəbəkəsinin əsas fiqurlarından biri kimi tanınan İsrail vətəndaşı Boris Volfman Rusiyada 12 il müddətinə azadlıqdan məhrum edilib. O, maddi çətinlik çəkən insanların böyrəklərinin qanunsuz yolla götürülməsi və on minlərlə avroya satılması ilə bağlı cinayət işində təqsirli bilinib.
Denmedia.az xəbər verir ki, 42 yaşlı Volfman barəsində hökm noyabrın 18-də Moskva məhkəməsində çıxarılıb. O, orqanların götürülməsi məqsədilə insan alverində və mütəşəkkil cinayətkar qrupun fəaliyyətində iştirakda təqsirli bilinib.
İstintaq materiallarına əsasən, Volfman 2006–2008-ci illərdə, aralarında Rusiya vətəndaşlarının da olduğu maddi imkanı zəif şəxsləri pul müqabilində böyrəklərini verməyə razı salıb. O, həmin şəxslərlə şəxsən görüşüb, səfər və tibbi sənədlərini hazırlayıb, daha sonra onları Kosovodakı “Medicus” klinikasına aparıb.
Prokurorluğun məlumatına görə, cinayətkar şəbəkə qanunsuz transplantasiya əməliyyatları zamanı götürülən hər böyrəyi alıcılara ən azı 80 min avroya satıb. Donorlara isə cəmi 8–15 min avro ödəniş təklif olunub.
Araşdırmalar nəticəsində üç Rusiya vətəndaşının böyrəklərinin götürülməsindən sonra ciddi sağlamlıq problemləri ilə üzləşdiyi müəyyənləşdirilib. Əməliyyatların aparıldığı “Medicus” klinikası əvvəllər də beynəlxalq orqan alveri ilə bağlı istintaqların mərkəzində olub.
Beynəlxalq axtarışda olan Volfman 2025-ci ildə Türkiyədə saxlanılıb və Rusiyanın tələbi əsasında Moskvaya göndərilib.

Prokurorluq onun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə Volfman barəsində ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilmək şərtilə 12 illik həbs hökmü çıxarıb.
Mətbuatda “insan orqanı alverinin kralı” kimi təqdim olunan Volfman əvvəllər fəaliyyətini “Tanrının işi” adlandırıb. Bununla belə, məhkəmədə ittihamları qəbul etməyib.
Müdafiə tərəfi Volfmanın orqan alveri ilə məşğul olmadığını, yalnız tibbi turizm çərçivəsində sənədlərin hazırlanmasına kömək etdiyini iddia edib. Vəkilləri məhkəmə hökmündən şikayət verəcəklərini bildiriblər.

