Misirin qədim Fiv şəhərində 1935-ci ildə aşkar edilən və kimliyi bu günədək müəyyənləşdirilməyən qadın mumiyası təxminən 3500 il sonra yenidən alimlərin diqqət mərkəzinə düşüb.
Denmedia.az xəbər verir ki, ağzı açıq qalan və sanki qışqırırmış kimi görünən mumiya qeyri-adi üz ifadəsinə görə “Qışqıran qadın” adlandırılıb.
Kompüter tomoqrafiyası vasitəsilə aparılan araşdırmalar qadının öldüyü zaman təxminən 48 yaşında olduğunu göstərib. Alimlər onun boyunun 1,54 metr olduğunu, onurğasında yüngül artrit əlamətlərinin və bəzi dişlərinin itirildiyini müəyyənləşdiriblər.
Tədqiqatçılar mumiyanın hazırlanmasında bahalı və keyfiyyətli balzamlama maddələrindən istifadə edildiyini də üzə çıxarıblar. Bu isə qadının cəmiyyətin imkanlı təbəqəsinə mənsub ola biləcəyini göstərir.
Alimlərin ehtimalına görə, mumiyanın sanki qışqırırmış kimi görünməsinə ölüm anında baş verən güclü əzələ spazmı səbəb ola bilər. Belə halda üz əzələləri qəfil yığılaraq həmin ifadəni ölümündən sonra da qoruyub saxlaya bilər.
Bununla belə, qadının ölümünün dəqiq səbəbi müəyyənləşdirilməyib. Onun son anlarında həqiqətən güclü ağrı və ya qorxu yaşayıb-yaşamadığı hələ də sirr olaraq qalır.

