ABŞ-də son günlər ard-arda baş verən texniki nasazlıqlar aviasiya, bankçılıq, texnologiya və dövlət qurumlarının fəaliyyətində ciddi problemlərə səbəb olub. Minlərlə uçuşun ləğvi sərnişinləri hava limanlarında çətin vəziyyətdə qoyub.
Denmedia.az xəbər verir ki, ölkə üzrə genişmiqyaslı texniki problemlər bank əməliyyatlarına, elektron poçt xidmətlərinə və bəzi dövlət qurumlarının rabitə sistemlərinə də təsir göstərib.
Noyabrın 13-də ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) sistemlərində yaranan nasazlıq səbəbindən ölkə üzrə uçuşlar müvəqqəti dayandırılıb. Nəticədə minlərlə reys ləğv edilib, çoxsaylı uçuşlarda gecikmələr yaranıb.
Ardınca “Microsoft” xidmətlərində, iri bankların elektron sistemlərində və “Apple” şirkətinin bəzi rəqəmsal platformalarında da fasilələr qeydə alınıb. ABŞ Milli Təhlükəsizlik Agentliyinin rabitə şəbəkəsində yaranan problem isə narahatlığı daha da artırıb.
Bir-birinin ardınca baş verən nasazlıqlar Vaşinqtonda geniş müzakirələrə səbəb olub. Konqres üzvləri kritik infrastrukturun təhlükəsizliyi və texniki sistemlərin etibarlılığı ilə bağlı suallar qaldıraraq hadisələrin səbəblərinin araşdırılmasını tələb ediblər.
Bununla belə, ABŞ rəsmiləri kəsintilərin əlaqələndirilmiş kiberhücum nəticəsində baş verdiyinə dair sübut aşkarlanmadığını bildiriblər.
ABŞ Milli Kəşfiyyatının direktoru Cey Kleytonun sözlərinə görə, indiyədək aparılan araşdırmalar nasazlıqların bir-birindən ayrı texniki problemlər, sistemlərə texniki xidmət və dəyişikliklərlə əlaqəli olduğunu göstərir.
Hadisələr ölkənin mühüm xidmətlərinin rəqəmsal infrastrukturdan nə dərəcədə asılı olduğunu və belə sistemlərdə yaranan problemlərin milyonlarla insanın gündəlik həyatına necə təsir göstərə biləcəyini yenidən gündəmə gətirib.

