Lənkəranda dörd avtomobilin iştirakı ilə baş verən zəncirvari qəza nəticəsində 6 minə yaxın sakin işıqsız qalıb.
Denmedia.az apa-ya istinadən xəbər verir ki, hadisə Lənkəran–Boradigah–Masallı avtomobil yolunun Separadi kəndindən keçən hissəsində qeydə alınıb.
Lənkəran rayonunun Şağlaser kənd sakini, 2008-ci il təvəllüdlü Mirmehdi Hüseynov idarə etdiyi “Qazel” markalı avtomobilin idarəetməsini itirərək yol kənarında dayanan, Zövlə kənd sakini, 1985-ci il təvəllüdlü Elvin Şəfiyevə məxsus “Mercedes” markalı avtomobilə çırpılıb.
Bundan sonra “Qazel” Zövlə kənd sakini, 1970-ci il təvəllüdlü Elvar Salayevin idarə etdiyi “VAZ-21099” və Separadi kənd sakini, 2004-cü il təvəllüdlü Cavid Əzimzadəyə məxsus, marketin qarşısında dayanan “VAZ-2106” markalı avtomobillərə dəyib.
Toqquşmaların ardınca “Qazel” yol kənarındakı beton elektrik dirəyinə çırpılıb.
Qəza nəticəsində xəsarət alan olmayıb, lakin avtomobillərə ciddi maddi ziyan dəyib. Elektrik dirəyinin zədələnməsi səbəbindən Separadi və Zövlə kəndlərinin 6 minə yaxın sakini elektrik enerjisiz qalıb.
İlkin məlumata görə, hadisəyə “Qazel” sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.

