Bakı Dövlət Universitetinin (BDU) Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti Nərman Süleymanovun (Qocatürk) ölümündən əvvəl yazdığı iddia edilən müraciət üzə çıxıb.
Denmedia.az “Bakupost”-a istinadən xəbər verir ki, müraciət noyabrın 18-də axşam saatlarında Prezident İlham Əliyevə ünvanlanıb.
Müraciətdə Nərman Qocatürk noyabrın 12-dən etibarən “Tələbə mediası” adlı sosial şəbəkə səhifəsində ona qarşı böhtan kampaniyası aparıldığını iddia edib.
O, bir qrup qıza qarşı qeyri-etik davranışlara yol verməsi ilə bağlı yayılan ittihamları rədd edərək, bunları təsdiqləyən heç bir sübutun olmadığını bildirib.
Dosent həmin iddiaların təkcə özünün deyil, ailəsinin də nüfuzuna ciddi zərbə vurduğunu qeyd edib. O, müraciətində yaşadığı vəziyyətdən narahatlığını ifadə edərək barəsində ittihamlar yayan şəxslərin müəyyənləşdirilməsini istəyib.
Qeyd edək ki, 1967-ci il təvəllüdlü Nərman Salman oğlu Süleymanovun meyiti noyabrın 18-də Bakının Yasamal rayonu, Ayna Sultanova küçəsində yerləşən mənzildə aşkarlanıb.
Onun intihar etdiyi bildirilir. Lakin ölümün dəqiq səbəbi və şəraiti ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Nərman Qocatürk tanınmış jurnalist Şərəf Cəlilinin həyat yoldaşı olub. Cütlüyün iki oğlu var.

