Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində yeniyetmə qızın ölümü ilə nəticələnən ağır bədbəxt hadisə baş verib.
Denmedia.az xəbər verir ki, hadisə şəhərin 45-ci məhəlləsində yerləşən 14 mərtəbəli yaşayış binasında qeydə alınıb.
Məlumata görə, Sumqayıt şəhər 13 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi Şəms Əbdülxaliqova binanın yüksək mərtəbəsindən yıxılaraq həyatını itirib.
Əməkdaşlarımız faciəvi şəkildə ölən gənc qızın fotosunu əldə edib.

Qeyd edək ki, yeniyetmə həmin ünvana hazırlıq məşğələsinə qatılmaq üçün gəlibmiş. İlkin ehtimallara əsasən, hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyi bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, əraziyə baxış keçirilib və müvafiq araşdırmalara başlanılıb. Faktla bağlı araşdırma davam etdirilir, hadisənin dəqiq başvermə səbəbləri ekspertiza rəylərindən sonra məlum olacaq.
Baş vermiş hadisə şəhər ictimaiyyətində dərin kədər hissi doğurub. Məktəb kollektivinin və şagird yoldaşlarının ağır itki ilə bağlı sarsıntı keçirdiyi bildirilir.
Rəsmi qurumların araşdırmasının nəticələri barədə əlavə məlumat veriləcəyi gözlənilir.
Ellada Rəsul
Denmedia.az

