Payız-qış mövsümündə havaların soyuması və istilik sistemlərinin işə düşməsi dərinin qurumasına səbəb ola bilər. Lakin dəriyə qulluq zamanı edilən bəzi səhvlər quruluğu aradan qaldırmaq əvəzinə vəziyyəti daha da ağırlaşdıra bilər.
Bu barədə “SM-Kosmetologiya” klinikasının həkim-kosmetoloqu İrina Troitskaya “Gazeta.Ru” nəşrinə açıqlamasında danışıb.
Mütəxəssisin sözlərinə görə, ən geniş yayılmış səhvlərdən biri qışda da yay aylarında istifadə edilən dəriyə qulluq vasitələrinə üstünlük verməkdir. İsti havalarda kifayət edən yüngül gel və serumlar soyuq mövsümdə dərinin nəmlənməsi üçün yetərli olmaya bilər.
Kosmetoloq tərkibində qliserin, hialuron turşusu, seramidlər və ya skvalan olan nəmləndirici kremlərdən istifadə etməyi tövsiyə edib. Kremi üz yuyulduqdan sonra bir qədər nəm dəriyə çəkmək daha məqsədəuyğundur.
Digər səhv isə yağlı və sızanağa meyilli dərini nəmləndirməməkdir. Həkimin sözlərinə görə, dərinin həddindən artıq quruması qıcıqlanmanı və səpgiləri artıra bilər. Buna görə məsamələri tıxamayan nəmləndirici vasitələr seçilməlidir.

Mütəxəssis üzü isti su ilə yumağın da dərinin qoruyucu baryerini zəiflətdiyini bildirib. Üzün gündə bir neçə dəfə sərt vasitələrlə yuyulması təbii yağların azalmasına və quruluğun artmasına səbəb ola bilər.
Qış aylarında skrab, turşu tərkibli məhsullar və pilinqlərdən həddindən artıq istifadə etmək də tövsiyə olunmur. Dərinin qabıqlanması zamanı intensiv təmizləmə əvəzinə onun qoruyucu baryerinin bərpasına diqqət yetirilməlidir.
Kosmetoloq yalnız nəmləndirici serum və ya termal sudan istifadənin kifayət etməyə biləcəyini vurğulayıb. Xüsusilə quru havada nəmləndirici krem dərinin su itkisinin qarşısını almağa kömək edir.

