Quba rayonunun Vəlvələ kəndi ərazisindən keçən Samur-Abşeron kanalında 16 yaşlı yeniyetmə batıb.
Hadisə şahidlərinin sözlərinə görə, faciə 12 iyul saat 16:00 radələrində baş verib. 2010-cu il təvəllüdlü Fərid Osmanov kanalı üzərək keçməyə çalışarkən güclü axına düşüb.
Yaxınlıqda olan uşaqlar ona kömək etməyə çalışsalar da, yeniyetməni xilas etmək mümkün olmayıb.
DenMedia.az baku.tv-ə istinadən xəbər verir ki, həlak olan yeniyetmənin anası görmə məhdudiyyətlidir və oğlunun üzünü doğulduğu gündən görə bilməyib. Fəridin nənəsi Elnarə Şıxməmmədova göz yaşları içində bildirib ki, qadın yeganə övladını itirməyin ağır acısını yaşayır.
“Anası 16 il onun üzünü görə bilməyib. İndi atasına deyir: ‘Ata, uşağımı mənə gətirin, heç olmasa əlimlə ona toxunum’”, - deyə nənə bildirib.
Yeniyetmənin xalası Elana İsayevanın sözlərinə görə, hadisə zamanı ətrafda kömək edə biləcək kimsə olmayıb və uşaq köməksiz qalıb.
“Uşaq təxminən 10 dəqiqə metal konstruksiyadan yapışıb qalıb, sonra isə axın onu aparıb. Aidiyyəti qurumlardan xahiş edirəm ki, suyun səviyyəsini azaltsınlar və onun meyitini bizə təhvil versinlər”, - deyə o bildirib.
Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Akşin Əlili qeyd edib ki, hadisə ilə bağlı məlumat qurumun “112” qaynar xəttinə daxil olan kimi dərhal axtarış-xilasetmə işlərinə başlanılıb.
Hazırda FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri Fərid Osmanovun batdığı ehtimal edilən ərazidə axtarışları davam etdirirlər.

