Bir vaxtlar 2000-ci illərin dəbini müəyyənləşdirən qusar üslublu gödəkçələr 2026-cı ildə yenidən moda dünyasının diqqət mərkəzinə qayıdıb.
Denmedia.az “Daily Mail”ə istinadən xəbər verir ki, hərbi formalardan ilhamlanan, dekorativ düymələri və hörmə naxışları ilə seçilən bu gödəkçələr artıq məşhurların geyimlərində və qırmızı xalça mərasimlərində tez-tez görünür.
Nəşr xatırladıb ki, 2000-ci illərdə bu dəbin tanınmış pərəstişkarları arasında müğənnilər Alişa Kiz və Melani Si də olub.
Yeni dəb dalğasına qoşulanlardan biri aktrisa Marqo Robbidir. O, Londonda “1536” adlı teatr tamaşasının premyerasına qara qusar gödəkçəsini klassik şalvar və topla uyğunlaşdıraraq qatılıb.

Aktrisa Deyzi Edqar-Cons isə “Ağıl və hisslər” filminin təqdimat turu zamanı “Alexander McQueen” brendinin qısa jaketini açıq-mavi, balağı genişlənən cins şalvarla tamamlayıb.
Moda redaktorları bu üsluba üstünlük verənlərə qara, tünd-göy, qırmızı və krem rəngli modelləri seçməyi məsləhət görüblər. Onların fikrincə, belə gödəkçələri cins şalvar və midi uzunluqlu ətəklərlə asanlıqla uyğunlaşdırmaq mümkündür.

