Dünyaca məşhur müğənni və aktrisa Cennifer Lopez həyatında baş verən böyük dəyişikliklərdən danışıb. 57 yaşlı ulduz 20 yaşlarından bəri ilk dəfə həm həyat yoldaşı, həm də övladları olmadan yaşadığını bildirib.
Denmedia.az xəbər verir ki, sənətçi bu barədə ABŞ-də yayımlanan “The Tonight Show Starring Jimmy Fallon” proqramında danışıb.
Ben Affleklə evliliyinin başa çatmasından və əkiz övladlarının universitetə getmək üçün evdən ayrılmasından sonra həyatının necə dəyişdiyi soruşulan Lopez yeni vəziyyətindən məmnun olduğunu gizlətməyib.
“20 yaşlarımdan bəri ilk dəfədir ki, nə həyatımda bir tərəfdaş var, nə də uşaqlarım yanımdadır. Təkəm, azadam, ürəyim nə istəyirsə, onu edə bilərəm”, – deyə müğənni bildirib.
Lakin sənətçi övladlarından ayrılmağın onun üçün asan olmadığını etiraf edib. Keçmiş həyat yoldaşı Mark Entonidən olan əkizləri universitetə yola düşəndə Lopez altı ay boyunca ağladığını söyləyib.
“Onlar universitetə gedəndə altı ay dayanmadan ağladım. Məzuniyyətlərinə iki ay qalmış ağlamağa başladım və onları universitetə yola salana qədər davam etdim”, – deyə o qeyd edib.

Müğənni bu dövrdə keçirdiyi hissləri musiqiyə çevirdiyini də bildirib. Onun sözlərinə görə, yenidən studiyada işləməyə başlayıb və artıq 20 mahnı hazırlayıb.
Lopez həyatının bu mərhələsini müxtəlif duyğularla müşayiət olunan, lakin ümumilikdə xoşbəxt bir dövr kimi qiymətləndirib.
Qeyd edək ki, sənətçi 1997-ci ildə Ocani Noa, 2001-ci ildə isə rəqqas Kris Cadd ilə ailə qurub. Onun Mark Entoni ilə nikahı 2004–2014-cü illəri əhatə edib. Bir müddət beysbolçu Aleks Rodriqeslə nişanlı olan Lopez 2022-ci ildə Ben Affleklə evlənib. Cütlüyün evliliyi təxminən iki il davam edib.

