ABŞ-də həkimlər ağırlaşmış infeksiya nəticəsində 1,5 yaşlı Medi Loudenin hər iki ayağını amputasiya etməyə məcbur olublar.
Bu barədə Daily Mail məlumat yayıb.
Uşağın anası Korinin sözlərinə görə, Medinin yüksək hərarəti qalxıb, dodaqları və ayaqları tünd-bənövşəyi rəng alıb. Təcili tibbi yardım çağırıldıqdan sonra xəstəxanaya çatdırılan uşaq artıq huşsuz vəziyyətdə olub və həkimlərin müdaxiləsinə reaksiya verməyib.
Müayinələr zamanı Medidə septic şok və qanın laxtalanmasının ağır pozuntusu olan DİK-sindromu aşkarlanıb. Bildirilib ki, uşağın ürəyi də böyüməyə başlayıb.
Əməliyyat zamanı həkimlər uşaqda aspleniya olduğunu müəyyən ediblər. Bu zaman dalaq ya olmur, ya da normal fəaliyyət göstərmir. Nəticədə orqanizmin infeksiyalarla, o cümlədən respirator viruslar və qriplə mübarizə qabiliyyəti zəifləyir.
Həkimlərin səyləri nəticəsində uşağın həyatını xilas etmək mümkün olub. Lakin yaranmış ağırlaşmalar səbəbindən onun hər iki ayağı amputasiya edilib.
Anasının sözlərinə görə, Medi hazırda özünü daha yaxşı hiss edir və artıq protezlərlə hərəkət etməyi öyrənib.

