Avstraliyalı “Maklaren” pilotu Oskar Piastri Yaponiyada keçirilən “Formula-1” Qran-prisinin ikinci sərbəst yürüş sessiyasında ən yaxşı nəticəni göstərib. Onun bir dövrə üzrə vaxtı 1 dəqiqə 30,133 saniyə olub.
İkinci və üçüncü yerləri “Mercedes” pilotları Andrea Kimi Antonelli və Corc Rassell tutublar. Onlar liderdən cəmi üç onluq saniyədən də az geri qalıblar.
Hazırkı çempion, “Maklaren”in digər pilotu Lando Norris dördüncü nəticə göstərib və liderdən yarım saniyədən çox geri qalıb.
Lyuis Hemilton (“Ferrari”) altıncı, Maks Ferstappen (“Red Bull”) isə sessiyanı yalnız onuncu pillədə başa vurub.
Yarış proqramı şənbə günü keçiriləcək üçüncü sərbəst yürüş və sıralama turu ilə davam edəcək. Əsas yarış isə 29 mart bazar günü baş tutacaq.

