Türkiyə hökuməti aprel ayından etibarən qaz və elektrik tariflərini artırmaq imkanını nəzərdən keçirir. Bu barədə Bloomberg agentliyinin məlumatına görə, məsələ hazırda müzakirə mərhələsindədir.
Mənbələrin bildirdiyinə görə, artımın miqyası müzakirə olunur və yekun qərarı prezident Rəcəb Tayyib Ərdoğan təsdiqləməlidir.
Eyni zamanda rəsmilər qaz subsidiyalarının bölüşdürülməsi qaydalarını dəyişdirməyi də nəzərdən keçirirlər. Bu dəyişikliklər istehlak səviyyəsi və regionların iqlim xüsusiyyətlərinə daha sərt bağlılıq nəzərdə tutur.
Türkiyənin enerji və maliyyə nazirlikləri isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Qeyd edək ki, Türkiyə hökuməti son illər əhali üçün elektrik və istilik xərclərini subsidiyalaşdırır. Lakin qlobal enerji qiymətlərinin artması bu yükün dövlət büdcəsinə təzyiqini artırır.
“Neft qiymətləri cari səviyyədə qalarsa, bu, ilin sonuna qədər Türkiyə büdcəsinə ümumilikdə təxminən 620 milyard lirə (14 milyard dollar) başa gələ bilər”, — deyə Türkiyənin energetika naziri Alparslan Bayraktar mart ayında bildirib.

