Qış mövsümündə yayılan epidemiyalar, “superqrip” və uzunmüddətli soyuqdəymələr minlərlə insanın sağlamlığını pozur. Kəskin respirator virus infeksiyalarının müalicəsində həkimlər ilk növbədə həyat rejimini dəyişməyi tövsiyə edirlər. Daha çox istirahət etmək, daha çox maye qəbul etmək və düzgün qidalanmaq vacibdir. Bu məqsədlə dünya üzrə həkimlər simptomları yüngülləşdirən sadə və elmi əsaslandırılmış vasitə kimi toyuq şorbasını məsləhət görürlər.
Ümumi praktik həkim və uzunömürlülük üzrə mütəxəssis Sabina Donnay Daily Mail nəşrinə müsahibəsində toyuq şorbasının virus xəstəliklərinə qarşı niyə bu qədər təsirli olduğunu izah edib.
Həkimin sözlərinə görə, qrip və soyuqdəymənin ilk əlamətləri zamanı kifayət qədər su içmək və yüngül qidalara keçmək lazımdır. Klinik tədqiqatlar göstərir ki, tərəvəz və otlarla hazırlanmış isti şorbalar kəskin respirator infeksiyalar zamanı simptomları müəyyən qədər azaldır. İsti bulyon selikli qişanı nəmləndirir, burun tutulmasını azaldır, iştaha zəif olduqda elektrolit balansını bərpa edir və asan həzm olunduğu üçün orqanizmin enerjisini həzmə deyil, immun sisteminin güclənməsinə yönəltməyə imkan verir.
Sabina Donnay şorbanın hazırlanmasında toyuq əti, soğan, sarımsaq, kök və kərəvizdən istifadə etdiyini bildirib. Onun sözlərinə görə, isti bulyon stressi azaldır və rahatlaşmanı artırır. Bu da vacibdir, çünki sağlam qidalanma ilə yanaşı keyfiyyətli yuxu da immun sisteminin normal fəaliyyəti üçün zəruridir. Yetərli istirahət olmadıqda immun müdafiə xeyli zəifləyir.
Həkim qeyd edib ki, soyuqdəymədən qorunmaq və ya sağalmanı sürətləndirmək üçün tövsiyələr dəyişməz qalır. Hətta yüngül simptomlar olduqda belə evdə qalmaq, risk qrupunda olan insanları qorumaq, qrip peyvəndini vaxtında etdirmək, xəstəlik zamanı həkimə müraciəti gecikdirməmək və tibbi tövsiyələrə əməl etmək vacibdir.

