Yeni araşdırma kolon xərçəngi ilə qan qrupu arasında əlaqə ola biləcəyini göstərib. Asia Pacific Journal of Cancer Care jurnalında dərc olunan və minlərlə insanın məlumatlarını əhatə edən tədqiqata görə, bəzi qan qrupları bu xəstəliyə daha həssas ola bilər.
Araşdırmada 2010–2024-cü illər arasında minlərlə xəstə və sağlam qan donorunun məlumatları təhlil edilib. Nəticələr göstərib ki, AB (4-cü) qan qrupuna sahib şəxslərdə kolon xərçənginə tutulma riski digər qruplarla müqayisədə daha yüksəkdir.
Statistik təhlilə görə, ən aşağı risk B qan qrupunda müşahidə olunub. Bununla müqayisədə AB Rh+ qan qrupuna sahib insanlarda xəstəliyə tutulma ehtimalının 3,56 dəfə çox olduğu müəyyən edilib.

Araşdırma həmçinin göstərib ki, AB qan qrupuna sahib xəstələrdə xəstəlik daha aqressiv inkişaf edə bilər. Bu qrupda şişlərin limfa düyünlərinə və digər orqanlara daha sürətlə yayılması müşahidə olunur və xəstəlik çox vaxt daha gec mərhələdə aşkarlanır.

Alimlərin fikrincə, bunun səbəbi qan qrupu antigenlərinin yalnız qırmızı qan hüceyrələrində deyil, həzm sisteminin səth hüceyrələrində də mövcud olması ilə bağlı ola bilər. AB qan qrupuna xas hüceyrə xüsusiyyətlərinin xroniki iltihabı artıraraq immun sisteminin şiş hüceyrələri ilə mübarizəsini zəiflədə biləcəyi ehtimal olunur.

