Amerikalı milyonçu və yaşlanmanı yavaşlatmaq ideyası ilə tanınan Brayan Conson sevgilisi Keyt Tolo üzərində genişmiqyaslı bioloji araşdırmalara başlayıb.
Bu barədə Daily Star məlumat yayıb.
Məlumata görə, sahibkar sevgilisinin qadınlarda yaşlanma prosesinin yavaşladılması ilə bağlı qlobal layihəsinə qoşulduğunu açıqlayıb. Consonun sözlərinə görə, Keyt Tolo nəticədə “tarixdə ən çox araşdırılmış qadın”a çevrilməlidir.
Bildirilir ki, Brayan Conson hər il sevgilisinin sağlamlıq vəziyyətinin hərtərəfli öyrənilməsi üçün təxminən 2 milyon dollar ayırmağı planlaşdırır. Həkimlər komandası onun orqanizmində yüzlərlə müxtəlif biomarkeri araşdıracaq və bu göstəricilərin yaxşılaşdırılmasına çalışacaq.

Milyonçu əldə ediləcək nəticələrin tam şəkildə ictimaiyyətə açıqlanacağını və bütün məlumatların internetdə paylaşılacağını bildirib. Onun sözlərinə görə, məqsəd adi qadınlara yaşlanma ilə mübarizədə kömək etməkdir.
Araşdırma çərçivəsində alimlər fertilliyin artırılması, predmenstrual sindrom əlamətlərinin yüngülləşdirilməsi və menopauzanın erkən əlamətlərinin müəyyən edilməsi kimi istiqamətlərə fokuslanacaqlar.
Həkimlər Keyt Tolonun fizioloji vəziyyətini sutka ərzində izləyəcəklər. İlkin baza məlumatlarının təxminən üç ay ərzində toplanması planlaşdırılır.

