Tailandın Phanqan adasında itkin düşən 9 yaşlı rusiyalı uşaq polis əməkdaşlarının köməyi ilə anasına qovuşub.
“Thai Post”un məlumatına görə, şənbə günü səhər saat 04:15 radələrində Niderland vətəndaşı yolda ağlayan və qorxu içində olan uşağı görərək turist polisinə məlumat verib.
Polis bölməsinə aparılan uşaq tərcüməçinin köməyi ilə bildirib ki, yuxudan oyananda anasını evdə görməyib, onu axtarmaq üçün küçəyə çıxıb və azıb. Məlum olub ki, uşaq yaşadığı evdən təxminən 5 kilometr uzaqlaşıb.
Polis müşahidə kameralarının görüntülərini araşdıraraq uşağın anasını tapıb. Qadın yatmış oğlunu evdə qoyaraq Rusiyaya uçan rəfiqəsini yola salmağa getdiyini bildirib.
Ana baş verənlərə görə üzr istəyib və polis əməkdaşlarına təşəkkür edib. Daha sonra ana və uşaq evlərinə aparılıb.

