Türkiyənin aşağıbüdcəli aviaşirkəti “Pegasus Airlines” 24 iyuldan etibarən İrana bütün reysləri tamamilə dayandırdığını açıqlayıb. Şirkətin yaydığı rəsmi bəyanatda bununla bağlı dəqiq səbəb göstərilməyib. Lakin ilkin ehtimallara görə, qərar təhlükəsizlik riskləri və regiondakı gərgin vəziyyətlə əlaqədardır. Son vaxtlar İsrail-İran müharibəsinin yenidən başlayacağı haqda proqnozlar verilir.
İrana uçuşlar niyə dayandırılıb? Bu, Ankara-Tehran münasibətlərinə necə təsir göstərə bilər? Son qərar İsrailin yeni hücumundan xəbər verirmi?
“Bu addım Türkiyə-İran münasibətlərinə əhəmiyyətli təsir göstərməyəcək, çünki Tehran başa düşür ki, aviaşirkətlər öncəliklə təhlükəsizlik məsələlərinə diqqət yetirirlər. Burada əsas məsələ insanların həyatıdır və hazırda İran hava məkanına tam nəzarət mümkün deyil. Təcrübə göstərir ki, İsrail istənilən vaxt və şəraitdə aviasiya zərbələri endirə bilir. Son dövrlərdə Tehrana qarşı ritorikanın sərtləşməsi, xüsusilə də ABŞ Prezidenti Donald Trampın İranın yenidən hədəf alınacağı ilə bağlı verdiyi açıqlamaları aviaşirkətləri əlavə təhlükəsizlik tədbirləri görməyə məcbur edib. Bu cür bəyanatlar, adətən informasiya hazırlığının bir hissəsi kimi qiymətləndirilir. İndiyə qədərki hücumlardan əvvəl də belə açıqlamalar verilib və sanki dünya ictimai rəyi buna hazırlanıb. Daha sonra isə İsrail ardıcıl hava zərbələri endirdi. Buna görə də, həm qonşu ölkələr, həm də aviaşirkətlər bu ehtimalı daim gündəmdə saxlayır”.
Zaur İbrahimli
Politoloq qeyd edib ki, hazırda İran Avropa ölkələri ilə danışıqlar aparır:
“Eyni zamanda, Tehran Pekin və Moskva ilə danışıqlarını davam etdirir və yaxın günlərdə Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələrinin İrana texniki səfəri gözlənilir. Həmçinin sözügedən ölkənin Xarici İşlər Nazirliyi bu günlərdə bəyanat verərək, uranın zənginləşdirilməsi prosesinə hələ başlamadıqlarını açıqlayıb. Bunlar göstərir ki, İran birbaşa ABŞ ilə danışıqlardan imtina etsə də, pərdəarxasında mümkün bir sövdələşmə üçün işlər gedir. Tehranın hazırda əsas məqsəd i nüvə infrastrukturunu qorumaq və dinc nüvə proqramını davam etdirmək üçün beynəlxalq razılığa gəlməkdir. Bu, 2015-2016-cı illərdə əldə olunan anlaşmaya bənzər ola bilər. Lakin həm İsrail, həm də ABŞ, İranın tamamilə nüvə texnologiyalarından imtina etməsini tələb edir. Hələlik, onlar bu şərti qəbul etmir və Vaşinqtondan gələn açıqlamalar Tehranı bu mövqeyə sövq etməyi hədəfləyir. Ehtimal olunur ki, İran Avropa ilə danışıqlarında öz mövqeyində israr edəcək. Bu isə Təl-Əvivin zərbələrini yenidən gündəmə gətirib”.
Ekspert bildirib ki, artıq İranın mövqeyi Qərb ölkələri, həmçinin İsrail üçün aydınlaşıb:
“Təl-Əviv buna qarşıdır və Tehranın tamamilə nüvəsizləşdirilməsi məsələsini yenidən ön plana çəkmək üçün hücumlara başlaya bilər. Baş Nazir Benyamin Netanyahu iqtidarı belə qərarlar qəbul edərkən ABŞ-la müzakirələr aparır, amma bir çox hallarda onlar müstəqil şəkildə hücuma qərar verərək, sonda Vaşinqtonu məlumatlandırır. ABŞ isə fakt qarşısında qalaraq, adətən hücumları dəstəkləyir. Bununla yanaşı, Netanyahu hökuməti Donald Tramp administrasiyası ilə xüsusi münasibətlərindən istifadə edərək, bu məsələdə müəyyən bir müstəqillik əldə edib. Bu, İsrailin İranı vurmayacağına dair heç bir zəmanət vermir. Çünki İsrailin tələbi açıqdır: İranın tamamilə nüvəsizləşdirilməsi. Tehran bu mövqedən geri çəkilmədiyi müddətcə, Təl-Əvivin hava zərbələri hər zaman aktual qalacaq”.(Globalinfo.az)